Bu razılaşma bir tərəfdən Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “TOY GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – İcraçı adlanacaq) və digər tərəfdən bu razılaşmanı onun 1.3-cü bəndinə uyğun olaraq aksept edən hər bir fiziki və ya hüquqi şəxs (bundan sonra – Sifarişçi adlanacaq) arasında bağlanılan Ümumi oferta müqaviləsidir (bundan sonra – Müqavilə).
1. Əsas anlayışlar:
1.1. Tərəflər – İcraçı və Sifarişçi;
1.2. Ümumi oferta – qeyri-müəyyən sayda fiziki və ya hüquqi şəxslərə ünvanlanan, Portal tərəfindən göstərilən xidmətlərə dair müqavilə bağlanması haqqında təklif. Portalın konkret xidmətləri üzrə Tərəflər arasında yaranan münasibətlər bu ümumi oferta ilə tənzimlənir;
1.3. Aksept – Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 409-cu maddəsinə uyğun olaraq ofertanın ünvanlandığı şəxsin ofertanı tam və qeyd-şərtsiz qəbul etməsi haqqında cavabıdır. Bu Müqavilə üzrə Sifarişçi tərəfindən Portalın istənilən xidmətinin dəyərinin ödənilməsi aksept hesab olunur;
1.4. Portal – İnternet şəbəkəsində https://evlenirik.az/, ünvanında yerləşən internet resursu, habelə onun müxtəlif əməliyyat sistemləri üzərindən işləyən tətbiqləri, digər xidmətləri, onun proqram təminatı, dizaynı (qrafik təminatı), məlumat bazası, istənilən altbölməsi, o cümlədən servislərdə yerləşən məlumatlar;
1.5. Maddi məsuliyyət – Bu müqavilənin icrası zamanı onun şərtlərinin pozulması nəticəsində vurulan və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilən maddi zərərə görə məsuliyyət;
1.6. Qanunvericilik – Azərbaycan Respublikası ərazisində qüvvədə olan və tətbiq olunan qanun, qərar, qayda, fərman, sərəncam, təlimat və sair normativ-hüquqi aktların məcmusu.
1.7. Sifarişçi - https://evlenirik.az/ Portalında təqdim olunan xidmətlər üçün ən azı bir dəfə ödəniş etmiş istənilən fiziki və ya hüquqi şəxs (səlahiyyətli nümayəndəsi).
1.8. İcraçı - Portalın idarəetməsini həyata keçirən Administrasiya.
2. Müqavilənin predmeti
2.1. Bu razılaşmanın predmeti Portalda elan yerləşdirmə şərtləri və ümumi Qaydalar və İstifadəçi razılaşması çərçivəsində İcraçı tərəfindən Portalın xidmətlərinin təqdim olunması məqsədilə Sifarişçi tərəfindən nağdsız ödənişin həyata keçirilməsi zamanı İcraçı və Sifarişçi arasında yaranan öhdəlik münasibətlərinin ümumi şərtlərinin müəyyən olunması təşkil edir.
2.2. Portalda xidmətlərin göstərilməsi üzrə həyata keçirilən hər bir sazişin mühüm şərtləri onlayn rejimdə, hər bir istifadəçi üçün fərdi qaydada, istifadəçinin xidmət və onun parametrlərini seçdiyi https://evlenirik.az/ interfeysi vasitəsilə formalaşır.
2.3. Bəzi xidmətlər yalnız müəyyən istifadəçi kateqoriyası, məsələn, https://evlenirik.az Portalından kommersiya məqsədləri ilə istifadə edən və Portalda elan yerləşdirən İstifadəçilər tərəfindən istifadə oluna bilər.
2.4. Müəyyən xidmətlərin oferta çərçivəsində təqdim olunması şərtləri, o cümlədən, onların məzmunu, həcmi və müddətləri ilə bağlı şərtlər müvafiq qaydalar və https://evlenirik.az-ın digər qaydaları ilə təyin olunur. Müqavilənin müddəti xidmətin müddətinə bəbabərdir.
3. Aksept
3.1. Portalın istənilən xidmətinin dəyərinin Sifarişçi tərəfindən ödənilməsi anından ümumi oferta aksept edilmiş, beləliklə, bu Müqavilə İcraçı və Sifarişçi tərəfindən bağlanılmış hesab olunur. Bu Müqavilənin şərtləri Sifarişçinin Portal üzərindən həyata keçirdiyi bütün sonrakı əqdlərinə şamil olunur.
3.2. Portalın istənilən xidməti üzrə Sifarişçi tərəfindən ödənişlərin yerinə yetirilməsi bu Müqavilə üzrə İcraçı ilə Sifarişçi arasında razılaşdırılmış Müqavilənin bağlanması hesab olunur.
3.3. Sifarişçinin hər bir xidmət üzrə müraciəti ayrıca əqd hesab olunur. Bu əqdlər sifariş tarixinə Portalda aktiv olan və dəyərinin ödənilməsi mümkün olan xidmətlərə münasibətdə bağlanılır.
4. Xidmətin qiyməti və ödəniş şərtləri
4.1. Sifarişçi tərəfindən Müqavilə çərçivəsində saziş imzalanarkən seçilmiş Xidmətin qiyməti xidmətin özəllikləri (növü, müddəti və s.) əsasında müəyyən olunur.
4.2. Xidmətin dəyəri ödəniş anında qüvvədə olan qiymətlər üzrə həyata keçirilir.
4.3. Sifarişçi Xidmətin ödənişini Portalın interfeysində təqdim olunmuş üsulla (üsullarla), yalnız nağdsız şəkildə həyata keçirə bilər.
4.4. Xidmətin tətbiq olunması ödəniş icra edildikdən sonra həyata keçirilir.
5. Tərəflərin hüquq və öhdəlikləri
5.1. Sifarişçi sifariş verdiyi elanın, həmin elanda təqdim olunan informasiyaların və məlumatlar üzrə İstifadəçi Razılaşmasında qeyd olunduğu qaydada bütün hüquqlarına malikdir.
5.2. Sifariş verilən reklam məhsulu, elanda təqdim edilən məhsula (mal və xidmətlərə) dair hər hansı üçüncü tərəf müəlliflik, patent, sərəncam vermək və ya digər hüquqlarının olduğunu iddia etdikdə, Sifarişçi İcraçını hər hansı iddia, xərc, cərimə, faiz, itki, kompensasiya tələbi, hökm və ziyan daxil olmaqla, hər cür məsuliyyətdən azad etməyi və bunları öz vəsaiti hesabına ödəməyi öhdəsinə götürür.
5.3. Sifarişçi reklam məhsulu, elanda təqdim edilən məhsulla (mal və xidmətlərlə) bağlı təqdim etdiyi məlumatların həqiqiliyi və düzgünlüyünə təminat verir və İcraçını bununla bağlı hər cür məsuliyyətdən azad edir.
5.4. İcraçı Portaldakı xidmətlərin keyfiyyətinin düşməsi, texniki xətalar və nasazıqlar kimi bütün mümkün hallarda zəruri tədbirlər görməyi öhdəsinə götürür.
5.5. Müqavilədən irəli gələn İcraçıya aid bütün öhdəliklər keyfiyyətlə və vaxtında icra edilərək təhvil verilməlidir.
6. Mübahisələrin həll edilmə qaydası
6.1. Bu Müqavilə üzrə yaranmış mübahisələr tərəflər arasında qarşılıqlı anlaşma yolu ilə, bu mümkün olmadıqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.
6.2. Sifarişçi məhkəməyə müraciət etməmişdən öncə yaranmış mübahisə ilə bağlı təsdiqedici sənədləri əlavə etməklə iradını yazılı qaydada İcraçıya təqdim etməlidir. Belə iradlar İcraçı tərəfindən qəbul edilmə tarixindən ən geci 30 (otuz) gün ərzində cavablandırılmalıdır. Müəyyən olunmuş müddət ərzində Sifarişçinin müraciəti cavablandırılmadıqda və ya onun əsaslı tələbləri İcraçı tərəfindən yerinə yetirilmədikdə Sifarişçi məhkəməyə müraciət edə bilər.
7. Fors-major
7.1. Müqavilə bağlandıqdan sonra Tərəflərin gözləmədiyi və ya nəzarət edə bilmədiyi qarşısıalınmaz qüvvənin təsiri ilə meydana gələn nəticələr səbəbindən Müqavilə üzrə öhdəlikləri qismən və ya tamamilə yerinə yetirilmədikdə Tərəflər məsuliyyətdən azad edilirlər.
7.2. Qarşısıalınmaz qüvvə hallarına o hadisələr aiddir ki, Tərəflər onlara təsir göstərə bilmir və onların meydana gəlməsi üçün məsuliyyət daşımırlar, məsələn, zəlzələ, daşqın, yanğın, habelə tətillər, dövlət orqanlarının qərarları, bu Müqavilənin yerinə yetirilməsinə mane olan istənilən xarakterli hərbi əməliyyatlar, terror aktları və s.
7.3. Qarşıalınmaz qüvvə hallarına istinad edən Tərəf Digər Tərəfə bu halların baş verdiyi barədə həmin hallar baş verdiyi tarixdən 5 gün müddətində yazılı məlumat verməlidir.
7.4. Əgər öhdəliklərin yerinə yetirilməməsi 6 aydan çox davam edərsə, hər bir tərəf digər tərəfə bildirməklə Müqaviləni birtərəfli ləğv hüququna malikdir.
8. Digər şərtlər
8.1. Müqaviləyə Sifarişçinin təşəbbüsü ilə vaxtından əvvəl xitam verilə bilər. Müqavilə qüvvədən düşdükdə Sifarişçi istifadə olunmamış pul vəsaiti qalığının qaytarılması üçün İcraçıya müraciət etmək hüququna malikdir.
8.2. Sifarişçi istifadə olunmamış pul vəsaiti qalığının qaytarılması üçün müraciət zamanı İcraçının tələbi ilə Müqavilə tərəfi kimi özünü identifikasiya etməli, eləcə də lazımi sənədləri və informasiyanı (şəxsiyyət vəsiqəsi, elanın yerləşdirildiyi mobil nömrənin ona aid olduğunu təsdiqləyən sənəd, ödəniş çeki) təqdim etməlidir.
8.3. Pul vəsaitlərinin qaytarılması Sifarişçinin İcraçıya yazılı müraciəti əsasında faktiki göstərilmiş xidmət (istifadə olunmuş gün sayı) nəzərə alınmaqla həyata keçirilir.
8.4. İcraçı qanunvericiliklə təyin olunmuş qaydada, o cümlədən, istifadəçi tərəfindən qanunvericiliyin, Müqavilə şərtlərinin və ya https://evlenirik.az-ın qaydalarının bir dəfə pozulması halında Sifarişçini https://evlenirik.az/ interfeysi, elektron poçt və ya digər vasitələrlə xəbərdar edərək Müqaviləyə xitam vermək hüququna malikdir.
8.5. Ödənilmiş pul vəsaitlərinin qaytarılması ödənişin qəbul olunduğu rekvizitlər üzrə və şəxsi yazılı müraciət əsasında həyata keçirilir.
8.6. Ödənilmiş pul vəsaitlərinin qaytarılması İstifadəçi razılaşmasının 3.6-cı maddəsi əsasında həyata keçirilir.
8.7. İcraçının maddi məsuliyyəti bu müqavilənin qiyməti ilə məhdudlaşır.
8.8. Bu Müqavilə Azərbaycan dilində eyni qüvvəyə malik 2 nüsxədə tərtib olunmuşdur və tərəflərin hər birində 1 nüsxə saxlanılır.
9. İcraçı haqqında məlumatlar
"TOY GROUP” MMC
Tel.: +994993093773